Qərb Ermənistanı Rusiya ilə qarşıdurmaya hazırlıq üçün hərbi-sənaye kompleksini maliyyələşdirməyə çağırır - Zaxarova

Qərb Ermənistanı Rusiya ilə qarşıdurmaya hazırlıq üçün hərbi-sənaye kompleksini maliyyələşdirməyə çağırır - Zaxarova

Bakı. TurkicWorld:

Qərb ölkələri Ermənistanı Rusiya ilə qarşıdurmaya hazırlıq üçün hərbi-sənaye kompleksini maliyyələşdirməyə çağırır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası qərblilərin səyləri ilə mahiyyətcə NATO missiyasına çevrilir. Onlar Ermənistanı hərbi-sənaye kompleksini maliyyələşdirməyə çağırırlar", - o deyib.

Zaxarovanın sözlərinə görə, NATO blokunun liderləri anti-Rusiya isterikasını qızışdırır və Rusiya ilə hərbi münaqişəyə çağırır, eləcə də, Avropanın özündə baş verən açıq-aşkar iqtisadi problemlərin fonunda İrəvanı hərbi-sənaye kompleksinə böyük vəsait yatırmağa vadar edir.

Qeyd edək ki, Ermənistan parlamenti Aİ ilə təşkilatın Azərbaycanla sərhəddəki mülki müşahidə missiyasının statusu barədə sazişi ratifikasiya edib. Saziş Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, eləcə də, missiyanın ölkə ərazisində funksiyalarını müəyyən edir. Missiyanın üzvləri saxlanıla və ya həbs oluna bilməz, şəxsi heyət qəbul edən ölkədə cinayət təqibindən toxunulmazlığa malikdir. Həmçinin, Aİ müşahidəçilərinin obyektləri də toxunulmazdır.

Bundan başqa, Aİ müşahidəçiləri gömrük prosedurlarından, viza və miqrasiya tələblərindən azaddır. Onlar bütün ölkə ərazisində sərbəst və məhdudiyyətsiz hərəkət etmək hüququ əldə edirlər.

Aİ-nin Ermənistanda monitorinq missiyası 2023-cü il yanvarın 23-də öz işinə başlayıb. Missiyanın əməkdaşlarının sayı əvvəlcə 100 nəfər olub. Dekabrın 11-də isə əməkdaşların sayını 209 nəfərə qədər artırmaq barədə qərar qəbul olunub.