Bakı. TurkicWorld:
Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyət gərginləşəndə Ermənistana yardım etmədiyinə dair açıqlamalar yalandır, İrəvan Qarabağ ilə bağlı qərarları NATO-nun təsiri altında verib.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova "Zvezda" telekanalının efirində deyib.
"İrəvanın Qarabağ ilə bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahkar olduğuna inanan və bu düşüncəni yayan hər kəsi yalanda ittiham edirəm. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra qəbul edib", - deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münasibətlərin yenidən kəskinləşməsi İrəvanın Avropa İttifaqı (Aİ), ABŞ və Böyük Britaniyanın regionda və ölkədəki vəziyyətə destruktiv təsir etməsinə nə qədər icazə verəcəyindən asılıdır.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Yunanıstanın "Katimerini" qəzetinə müsahibədə dediyi kimi, ölkə KTMT-də iştirakını faktiki olaraq dondurub.
"KTMT bizim qiymətləndirməmizə görə, xüsusən 2021-2022-ci illərdə Ermənistan Respublikası qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib. (KTMT-nin siyasətinin) praktik nəticəsi bizim təşkilatda iştirakımızı faktiki olaraq dondurmağımızla nəticələndi", - deyə o bildirib.
Paşinyan 2023-cü ilin sentyabr ayında Ermənistanın KTMT-də daimi nümayəndəsinin olmadığını xatırladıb.
"Biz KTMT-də yüksək səviyyədə danışıqlarda iştirak etmirik. Biz KTMT-nin qərarlarını bloklamırıq, lakin onlarda iştirak da etmirik", - o deyib.