Qəzza Fələstin ərazisinin ayrılmaz hissəsidir - Norveç XİN

Qəzza Fələstin ərazisinin ayrılmaz hissəsidir - Norveç XİN

Bakı. TurkicWorld:

Qəzza Fələstin ərazisinin ayrılmaz hissəsidir.

TurkicWorld-un AzerVoice-ə istinadən məlumatına görə, bu sözləri Norveç Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin baş direktoru Kristian Jervell deyib.

"İsrailin işğalı 1967-ci ildən bu günə qədər davam edir. Buna, Qəzza zolağında davam edən qeyri-mütənasib güc tətbiqi və digər sui-istifadələr, həmçinin Şərqi Qüds və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmalar daxildir. Bu cür hərəkətlər fundamental insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna ziddir. İordan çayının qərb sahili və Şərqi Qüdsdəki İsrail yaşayış məntəqələri regionda istənilən həll və sülhə əsas maneədir. İsrailin yarım əsrdən çox işğalı beynəlxalq hüquqa ziddir",- deyə o bildirib.

Direktor vurğulayıb ki, yerli Fələstin icmaları arasında təkrarlanan söküntülər və İordan çayının cənubunu Şərqi Qüdsdən təcrid edəcək infrastruktur qurmaq planları xüsusi narahatlıq doğurur.

Jervell, işğal altında olub-olmamasından asılı olmayaraq bütün fələstinlilərin digər insanlar kimi beynəlxalq insan haqlarından faydalanmaq hüququna malik olduğunu söyləyərək, fələstinlilərin də sərbəst hərəkət etmə hüququnun təmin edilməli olduğunu, Qəzzada olanlar da daxil olmaqla bütün fələstinlilərin zəruri humanitar yardıma çıxışı olduğunu vurğulayıb.