İsrail Kerem Şalom Sərhəd Qapısını tam açmalıdır - Sunak

İsrail Kerem Şalom Sərhəd Qapısını tam açmalıdır - Sunak

Bakı. TurkicWorld:

İngiltərənin baş naziri Rişi Sunak, israilli həmkarı Benyamin Netanyahu ilə telefon danışığında İsraili Kerem Şalom Sərhəd Qapısını tam açmağa və humanitar yardımın Usdud (Aşdod) limanı vasitəsilə Qəzzaya çatdırılmasını təmin etməyə çağırıb.

TurkicWorld-un məlumatına görə, Baş nazir Sunak, Qəzzada mülki vətəndaşların itkiləri və Rəfaha hərbi hücum ehtimalının səbəb olacağı humanitar dağıntılardan narahatlığını ifadə edib.

Sunak, həmçinin davamlı atəşkəsə gedən yolda məhbusların azad edilməsi və Qəzzaya daha çox yardımın daxil olmasını təmin etmək üçün münaqişədə humanitar fasilənin vacibliyini vurğulayıb.

Beynəlxalq humanitar hüquqa riayət edilməsinin, xəstəxanaların və mülki infrastrukturların qorunmasının vacibliyini vurğulayan Sunak, humanitar yardımların çatdırılmasına qoyulan məhdudiyyətlərin yumşaldılması üçün daha çox addımların atılması lazım olduğunu da bildirib.

İngiltərənin iki dövlətli həllə dəstəyini təkrarlayan Sunak, İsrailin şimalında, Livan sərhəddində gərginliyin qarşısının alınması lazım olduğu barədə xəbərdarlıq edib.

Sunak Londonda İordaniya Kralı II Abdullah ilə də görüşüb. İkili, Qəzzadakı vəziyyəti müzakirə edərkən, Sunak İngiltərənin yardım dəhlizlərindəki maneələri aradan qaldırmaq üçün çalışdığını bildirib.

Kral Abdulla ilə görüşündə Qəzzanın cənubundakı Rəfaha hərbi hücum ehtimalının humanitar təsirlərindən narahatlığını dilə gətirən Sunak, İngiltərənin İordan çayının qərb sahilinin sabitliyini təmin etmək üçün atdığı addımlardan da danışıb.

Aytac Süleymanova

Twitter: a_alieva_