Qəzzanı fələstinlilər idarə etməlidir - Blinken

Qəzzanı fələstinlilər idarə etməlidir - Blinken

Bakı. TurkicWorld:

Qəzzanı fələstinlilər idarə etməlidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Qəzzada müharibəni həmişəlik bitirməyin yeganə yolu sülh prosesi üçün şərait yaratmağa başlamaqdır. Uğurlu sülh prosesinin təmin edilməsində əsas element Qəzzada qurulacaq istənilən yeni hökumətə fələstinlilərin rəhbərlik etməsidir",- deyə Blinken bildirib.

Qəzzanın işğal edilməməsi, blokadaya salınmaması və ərazisinin kiçilməməsi lazım olduğunu bildirən Blinken, daimi sülh üçün Fələstin xalqının tələblərinin qarşıdurmadan sonra "Qəzzada qurulacaq idarənin mərkəzinə daxil edilməsi" lazım olduğuna diqqət çəkib.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.

Ölənlərin 4 min 324-ü uşaq, 2 min 823-ü qadınlardır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova