Son dəqiqə

Vladimir Putin Rəcəb Tayyib Ərdoğan G20

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan bildirib ki, rusiyalı həmkarı V.Putin Qərbin ona verdiyi vədlərə əməl etmədiyini deyib.

"O, ilk növbədə 1 milyon ton taxıl göndərəcəyini qeyd edib. Xüsusilə Lavrovla görüşümüzdə Qətər-Türkiyə-Rusiya vasitəsilə yoxsul Afrika ölkələrinə 1 milyon ton taxıl göndərməyi planlaşdırdıq. Əvvəllər 33 milyon ton taxıl daşınmışdı. Biz bu miqdarı yenidən artırmaqla ən zəif inkişaf etmiş Afrika ölkələrini rahatlatmağı təklif etdik. Putinlə bu məsələni yenidən telefonda müzakirə edəcəm", - deyə Ərdoğan əlavə edib.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan "Taxıl sazişi"nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Mövzuya görə xəbərlər