Bakı. TurkicWorld:
Sentyabrın sonuna qədər Yəmənə göstərilən yardım azaldılacaq.
TurkicWorld-un məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (WFP) internet saytında edilən yazılı açıqlamada qeyd olunub.
Açıqlamada bildirilib ki, bütün yardım fəaliyyətləri BMT Ümumdünya Ərzaq Proqramının maliyyə çətinlikləri səbəbindən azaldılır.
Qeyd edilib ki, sentyabr ayının sonundan etibarən həyata keçiriləcək bu qərar ÜƏP-nın bütün Yəməndə həyata keçirdiyi ümumi ərzaq yardımı proqramı, qidalanma və məktəblilərin qidalanma proqramlarına təsir edəcək.
Açıqlamada, lazımi vəsaitin təmin edilmədiyi təqdirdə ölkənin şimalında təxminən 3 milyon, cənubda isə 1,4 milyon insanın ərzaq yardımının azaldılması qərarından təsirlənəcəyi bildirilib.
Məlumat üçün qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarəti ələ keçirib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Münaqişələr nəticəsində ölkədə 377 min insan, 13 mindən çox mülki şəxs həyatını itirib.
Hafiz Rufizoğlu







