Bakı, TurkicWorld
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
TurkicWorld xəbər verir ki, verilişin qonağı erməni bloger Natali Aleksanyan olub.
Azərbaycan və Ermənistan arasındakı sülh prosesi haqqında danışan N.Aleksanyan qeyd edib ki, münasibətlərin normallaşdırılması uzunmüddətli və çətin bir prosesdir.
"Bu, hər birimizdən bu yolu dərk etməyi və qəbul etməyi tələb edir. İnsanlara çatdırmaq vacibdir ki, bütün məsələlər yalnız sülh yolu ilə həll olunmalıdır. Mən ermənilərin diqqətini daim mövcud reallıqlara çəkir və sülhün əhəmiyyətini vurğulayıram.
Yenidən müharibəyə başlamağa imkan verə bilmərik, çünki son 30 ildə müharibə bizə heç nə qazandırmayıb. Oğullarımız və uşaqlarımız bu müharibədə həlak olub", - N.Aleksanyan bildirib.
Erməni bloger qeyd edib ki, sağlam düşüncəli ermənilər ölkə daxilində Robert Koçaryan və Serj Sarkisyan kimi şəxslərlə bağlı ciddi problemlə üzləşirlər.
"Bu insanlar sülh prosesini pozmaq və cəmiyyəti yeni bir müharibə yoluna yönəltmək üçün hər şeyi edirlər. Onların əsl məqsədi öz sərvətlərini qorumaq və hərbi münaqişələrindən fayda əldə etməkdir", - deyə o əlavə edib.
Oxucuların diqqətinə verilişin tam buraxılışını təqdim edirik: