TÜRKSOY-un baş katibi Daşkənddə keçirilən Beynəlxalq festivalda iştirak edib

TÜRKSOY-un baş katibi Daşkənddə keçirilən Beynəlxalq festivalda iştirak edib

Bakı. TurkicWorld:

TÜRKSOY-un baş katibi Daşkənddə keçirilən Beynəlxalq Təsviri Sənət və Tətbiqi Sənət Festivalında iştirak edib.

TurkicWorld-un məlumatına görə, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, Özbəkistan Gözəl Sənətlər Akademiyasının prezidenti Akmal Nur, Türk dünyasının müxtəlif bölgələrindən olan məşhur rəssamlar, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

“Uzun illərdir TÜRKSOY ilə eyni məqsədlə fəaliyyət göstərən Özbəkistan Gözəl Sənətlər Akademiyası xaricdən çoxlu rəssamın iştirakı ilə müxtəlif tədbirlər təşkil edir. Bugünkü festival bu tədbirlərdən yalnız biridir. Festivalımızın xeyirli olmasını arzulayıram və öncədən dəyərli iştirakçılarımıza uğurlar arzulayıram", - deyə TÜRKSOY-un baş katibi Sultan Raev bildirib.

Gözəl Sənətlər Akademiyasının prezidenti Akmal Nur qeyd edib ki, hər il təşkil edilən ənənəvi festivalın bu il xüsusi əhəmiyyəti var. Çünki ilk dəfədir ki, TÜRKSOY Təşkilatı ilə əməkdaşlıq çərçivəsində festival keçirilir. TÜRKSOY sayəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan rəssamlar da festivalda fəal iştirak edirlər. Bundan başqa Macarıstan, Cənubi Koreya, Fransa, Rusiya, Belarus, Tailand və İsraildən olan rəssamlar da tədbirdə iştirak edirlər. Festival təkcə Daşkənddə deyil, Özbəkistanın 12 vilayətində eyni vaxtda böyük həvəslə təşkil olunur.

Eyni zamanda Akmal Nur TÜRKSOY-un baş katibi Sultan Raevə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Onu da bildirək ki, mərasimdən sonra baş katib Raev Qazaxıstandan səfər edən məşhur rəssam Mussapir Januzaka Türk Dünyasının mədəniyyət və incəsənətinə verdiyi töhfələrə görə “Ahmet Baytursinilu Medal”ı təqdim edib.

Qeyd edək ki, 22 aprel 2023-cü il tarixinədək davam edəcək festival çərçivəsində təsviri sənətin bütün sahələrində xaricdən gələn rəssamlar üçün müxtəlif sərgilər, ustad dərsləri və görməli yerlərə səyahətlər təşkil olunacaq.