Keçən il Azərbaycana səfər edən Özbəkistan vətəndaşlarının sayı artıb

Keçən il Azərbaycana səfər edən Özbəkistan vətəndaşlarının sayı artıb

Bakı. TurkicWorld:

2022-ci ildə Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 2021-ci illə (3 min 959 nəfər) müqayisədə 6 dəfə artaraq 25 min 920 nəfərə çatıb.

TurkicWorld-un Azərbaycan Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, hesabat dövründə Azərbaycana səfər edənlərin sayına görə, Özbəkistan ilk 15 ölkə arasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edilən müddət ərzində 178 ölkədən təxminən 1 milyon 602 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana səfər edib. Bu rəqəm 2021-ci ilin eyni dövrü ilə müqayisədə (791 min 8) iki dəfə artıb.

Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan Özbəkistana ümumilikdə 10 min 400 nəfər səfər edib.

Bundan əlavə, 2022-ci ildə Özbəkistana təxminən 5 milyon 2 min xarici vətəndaş səfər edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

2022-ci ildə Özbəkistanı Rusiya (567 min 700 nəfər), Türkiyə (75 min 600 nəfər), Cənubi Koreya (19 min 900 nəfər), Almaniya (17 min 700 nəfər), Hindistan (16 min 800 nəfər), ABŞ (13 min 100 nəfər), Fransa (11 min 000 nəfər), İngiltərə (10 min 500 nəfər), İtaliya (8 min 800 nəfər), İspaniya (6 min 300 nəfər) və Çin (5 min 400 nəfər) kimi ölkələrdən də gələn turistlər də ziyarət edib.