Son dəqiqə

Səmərqənd

Səmərqənddə Orta Asiya ölkələri və ABŞ-nin iştirakı ilə “C5+1” formatında nazirlər görüşü keçirilib

Bakı. TurkicWorld:

Özbəkistanın Səmərqənd şəhərində "C5+1" formatında Orta Asiya ölkələri və ABŞ-nin iştirakı ilə nazirlər görüşü keçirilib.

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidovun "Telegram" kanalında yazdığına görə, görüşdə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, uzunmüddətli investisiyaların cəlb edilməsi, nəqliyyat, energetika və rəqəmsal infrastrukturun inkişafı müzakirə olunub.

Nazir kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə birgə fəaliyyət regionda yeni sənaye müəssisələrinin və iş yerlərinin yaradılmasına, texnoloji imkanların genişləndirilməsinə töhfə verəcək.

Saidov, həmçinin biznes nümayəndələrinin prioritet layihələrin müəyyənləşdirilməsinə cəlb edilməsi məqsədilə "C5+1" və "B5+1" formatları arasında müntəzəm əməkdaşlığın qurulmasını təklif edib.

ABŞ-nin dövlət katibi Marko Rubio isə Orta Asiyanın beynəlxalq ticarət, investisiyaların cəlb edilməsi və qlobal təchizat zəncirlərinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayıb.

"Biz ABŞ olaraq kritik əhəmiyyətli sənaye sahələrimizin və onları dəstəkləyən təchizat zəncirlərinin təhlükəsizliyini təmin etməyə çalışırıq ki, riskli xarici tərəfdaşlardan, hətta rəqiblərimizdən asılı vəziyyətə düşməyək", – deyə Rubio bildirib.

O qeyd edib ki, ötən il Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Orta Asiya ölkələrinin liderlərinin "C5+1" formatında görüşü nəqliyyat, energetika və maliyyə sektorlarının möhkəmləndirilməsinə yönəlmiş 25 milyard dollar dəyərində yeni sazişlərin bağlanmasına töhfə verib.

Rubionun sözlərinə görə, tərəflər bu həftə həmin razılaşmaların icrasını davam etdirməyi planlaşdırırlar. Əməkdaşlığın prioritet istiqamətləri sırasında Transxəzər ticarət marşrutunun (Orta Dəhlizin) infrastrukturunun inkişafı, ABŞ və Orta Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi yer alır.

Dövlət katibi, həmçinin minlərlə gənc mütəxəssisin ABŞ texnologiyaları üzrə hazırlanmasının və "B5+1" formatı çərçivəsində dövlətlə biznes arasında dialoqun genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.

"ABŞ Orta Asiya ölkələrinin müstəqil dövlətlər kimi çiçəklənməsini istəyir. Biz bu yolda onların tərəfdaşı olmaq istəyirik", – deyə Rubio vurğulayıb.

Saidov isə Özbəkistanın "C5+1" Katibliyində həmsədrliyi dövründə bu istiqamətlər üzrə ardıcıl və praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Mövzuya görə xəbərlər