Son dəqiqə

Çin Özbəkistan Qırğızıstan

Şavkat Mirziyoyev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu haqqında danışıb

Bakı,TurkicWorld

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin regional təşəbbüs və iqtisadi artım üçün strateji əhəmiyyətini qeyd edib.

TurkicWorld xəbər verir ki, bu barədə o Səmərqənddə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Rəhbərlər Şurasının doqquzuncu iclasında çıxış edib.

“Mərkəzi Asiya regionunda iri infrastruktur layihələrinə ehtiyac hər gün artır. Belə irimiqyaslı regional infrastruktur layihəsinin bariz nümunəsi hazırda tikintisinə başlanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisidir”, – deyə Mirziyoyev vurğulayıb.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsi Mərkəzi Asiya ilə Çin arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində böyük addımdır. Bu layihə təkcə iştirakçı ölkələr üçün deyil, bütün region üçün böyük əhəmiyyət kəsb edir.

Bu dəmir yolunun işə düşməsi ilə Qırğızıstan və Özbəkistan Çin bazarına daha səmərəli çıxış əldə edəcək və regiondan yük axını da sürətlənəcək.

Qeyd edək ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə bu ilin oktyabrında başlanması planlaşdırılır.

Mövzuya görə xəbərlər