Son dəqiqə

Türkmənistan

“Turkmenistan Airlines” Moskvaya reyslərini ləğv edib

Bakı, TurkicWorld

"Turkmenistan Airlines" şirkəti Moskva istiqamətində reyslərini ləğv edib.

TurkicWorld xəbər verir ki, bu barədə aviaşirkət öz rəsmi saytında məlumat yayıb.

"Hörmətli sərnişinlər! Sizə bildiririk ki, "Turkmenistan Airlines" şirkəti Aşqabad–Moskva–Aşqabad marşrutu üzrə müntəzəm reyslərin 30 dekabr 2024-cü ildən 31 yanvar 2025-ci il tarixinədək ləğv edildiyini elan edir", - deyə aviaşirkətin məlumatında qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti də Rusiyaya 10 istiqamət üzrə reysləri ləğv etmişdi.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Mövzuya görə xəbərlər