Son dəqiqə

Türkiyə Yenidən Rifah Partiyası Vəfa Aktuz

Türkiyə Respublikası qadınların da əsas rol oynadığı Osmanlı mirası üzərində qurulub - Vəfa Aktuz

Bakı, TurkicWorld:

Türkiyə Respublikası qadınların da əsas rol oynadığı Osmanlı mirası üzərində qurulub, bu sözləri TurkicWorld-ə özəl açıqlamasında Yenidən Rifah Partiyasının millət vəkili namizədi və Türkiyədə yaşayan azərbaycanlı Vəfa Aktuz bildirib.

“Osmanlıya sədaqət öz tarixinə, kimliyinə, keçmişinə sədaqət deməkdir. Türk qadınının tarixi 100 il əvvəl cümhuriyyətlə başlamayıb. Fateh Sultan Mehmeti, Qanuni Süleymanı, Sultan Əbdülhəmidi və onların dövlətçilik ənənələrini davam etdirən Mustafa Kamal Atatürkü də dünyaya gətirən və tərbiyə edən məhz Osmanlı qadınıdır” - deyə V.Aktuz əlavə edib.

O hesab edir ki, bu baxımdan Osmanlıya hörmətsizlik, türk qadınına hörmətsizlik deməkdir.
Onun sözlərinə görə, cəmiyyətin qadına verdiyi dəyər yalnız ona seçim hüququnun verildiyi tarixi dövrlə ölçülə bilməz.
“Hətta bir çox inkişaf etmiş Qərb ölkələrində qadınların seçki hüququ ötən əsrin 20-ci illərində tanınıb. Lakin bu ölkələrin heç biri bu faktı öz tarixlərinə “sədaqətsizlik” kimi qiymətləndirməyib. Fikrimcə, bu cür düşüncə özünü isbat edə bilməməkdən qaynaqlanır”, - deyə V.Aktuz vurğulayıb.

O qeyd edib ki, Mustafa Kamal Atatürk bu gün qadınlara geniş hüquqlar verən cümhuriyyəti heç şübhəsiz, təkcə kişilərlə qurmayıb.

“Unutmaq olmaz ki, Türkiyədə Milli Mübarizənin qəhrəmanları Nənə Xatun, Qara Fatma kimi Osmanlı qadınlarıdır. Osmanlı imperiyasına vəfasızlıq Cümhuriyyətin özünə xəyanətdir. Türk tarixi bir bütündür, keçmişdə 16 dövlət qurmuş bu xalqın 2 min 200 illik dövlətçilik ənənəsi var və gələcək yüzillərə də öz möhürünü vurmağı gözləyir”, - deyə o vurğulayıb.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər