Türkiyə fəlakət qarşısında köməyə görə hər bir ölkəyə minnətdardır - Çavuşoğlu

Türkiyə fəlakət qarşısında köməyə görə hər bir ölkəyə minnətdardır - Çavuşoğlu

Bakı. TurkicWorld:

Episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərin ilk günündən Avropa ölkələri Türkiyəyə yardım əlini uzadıb. Dəstəklərinə görə hər bir ölkəyə və təşkilata minnətdarıq.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheyi və İsveçin xarici ticarət naziri Yohan Forsellə birgə mətbuat konfransında deyib.

Türkiyəli nazirin sözlərinə görə, son həftələrdə Avropa İttifaqı Türkiyəyə fövqəladə yardım fondlarından yardım edib və 1750 xilasedici fəlakət zonasına göndərilib, onların səyləri nəticəsində 79 Türkiyə sakini xilas edilib:

"İsveç və Macarıstan da daxil olmaqla Avropa İttifaqına üzv olan 18 ölkə təbii fəlakət bölgəsinə humanitar yardım göndərib. O cümlədən, Avropa ölkələri Türkiyəyə 50 min qış çadırı göndərib".

M.Çavuşoğlunun sözlərinə görə, bugünkü söhbət zamanı dağıdıcı fəlakətdən zərər çəkən Türkiyə və Suriya xalqına yardım toplamaq üçün beynəlxalq donor konfransına hazırlıq mövzusuna da toxunulub.

Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varheyi öz növbəsində bildirib ki, onun nəsli belə dağıdıcı zəlzələlərə rast gəlməyib.

Yaşanan ağrının miqyası inanılmazdır, deyən Avropa komissarı, "indi Türkiyə və Türkiyə xalqı ilə həmrəylik zamanıdır" dedi.

"Məhz buna görə də bu gün Ankaradayıq. Biz burada birlikdə dost və müttəfiq olmaq üçün buradayıq. Avropa İttifaqı kömək etməyə hazırdır", - deyə Avropa komissarı vurğulayıb.

O.Varheyi xatırladıb ki, ilk mərhələdə Aİ Türkiyəyə 5,5 milyon avro yardım edib.

Avropa komissarı bildirib ki, Aİ fəlakətin nəticələri fonunda Türkiyəni sonadək dəstəkləməyə hazırdır.