Son dəqiqə

Rusiya və Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpasını müzakirə ediblər

Bakı, TurkicWorld

Rusiya və Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpası məsələsini müzakirə ediblər. Hər iki ölkə bu məsələdə maraqlıdır.

TASS-ın məlumatına görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Türkiyə biznes forumunun kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

"Əlbəttə, bu məsələni müzakirə etmişik. Türkiyə də, biz də bununla maraqlıyıq. Logistika və təhlükəsizlik məsələlərini müzakirə etdik. Bütün bunlar gündəmdədir", – deyə o, müvafiq suala cavabında bildirib.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT arasında 2022-ci il iyulun 22-də imzalanmış Qara dəniz Taxıl Təşəbbüsü Ukraynanın Odessa, Çornomorsk və Pivdennı limanlarından taxıl və digər ərzaq məhsullarının təhlükəsiz ixracına imkan yaradırdı. Rusiya 2023-cü il iyulun 17-də sazişdə iştirakını dayandırıb. Moskva bu qərarı Rusiyanın taxıl və gübrə ixracı qarşısındakı maneələrin, o cümlədən Rosselxozbankın SWIFT sisteminə yenidən qoşulması və logistika ilə sığorta sahəsindəki problemlərin aradan qaldırılmaması ilə əsaslandırıb.