Son dəqiqə

Türkiyə Misir müdafiə əməkdaşlığı Türkiyə Misir hərbi əməkdaşlığı Türkiyə Misir müdafiə sənayesi Türkiyə Misir niyyət məktubu Haluk Görgün Misir görüşü yunan mediası

Yunanıstan mətbuatı: Türkiyə ilə Misirin müdafiə sahəsində yaxınlaşması Afinada narahatlıq yaradır

BAKI, TurkicWorld Orxan Qədirzadə

Türkiyə ilə Misir arasında müdafiə sənayesi sahəsində son dövrdə müşahidə olunan yaxınlaşma Yunanıstanda narahatlıq doğurur. Yunanıstanın Kathimerini qəzeti bu barədə məqalə yayımlayıb.

"Türkiyə və Misir müdafiə sahəsində yaxınlaşır" başlıqlı məqalədə qeyd olunur ki, iyulun 13-də Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Misirin müdafiə və hərbi istehsal naziri general-leytenant Əşrəf Salim Zahirlə görüşüb.

Nəşrin yazdığına görə, görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi çərçivəsini müəyyənləşdirəcək niyyət məktubu imzalanıb.

Məqalədə həmçinin Misirin müdafiə sənayesi ilə bağlı Türkiyədə keçirdiyi təmaslara diqqət çəkilərək bildirilir ki, Qahirə Türkiyənin ən çox ixrac etdiyi müdafiə məhsullarından biri olan pilotsuz uçuş aparatlarının istehsalı üzrə regional mərkəzə çevrilməyi hədəfləyir.

Qəzetin məlumatına əsasən, Türkiyə və Misir hava, dəniz və quru qoşunlarının iştirakı ilə birgə hərbi təlimlər keçirir.

Bundan əlavə, Misirdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən dördtərəfli görüşün əhəmiyyəti vurğulanır. Bildirilir ki, həmin görüşdə Türkiyə və Misir Liviya ilə bağlı bir sıra məsələlər üzrə ortaq mövqeyə gəliblər.

"Kathimerini" qeyd edir ki, Türkiyə ilə Misirin yaxınlaşması hazırda Yunanıstanın maraqları üçün birbaşa təhlükə yaratmasa da, regiondakı geosiyasi balansın dəyişməsi fonunda Afinanın narahatlığını artıran amillərdən biri kimi qiymətləndirilir.