BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyənin Ticarət Nazirliyi Almaniya və ABŞ-dan idxal olunan suspenziya tipli polivinilxlorid (PVC-S) məhsullarına tətbiq edilən antidempinq tədbirlərinin yekun yenidən baxılması proseduruna başlayıb.
Nazirliyin "İdxalda haqsız rəqabətin qarşısının alınması haqqında" bildirişi Türkiyənin Rəsmi Qəzetində dərc olunaraq qüvvəyə minib.
Araşdırmanın başlanmasına əsas kimi yerli istehsalçı "Petkim Petrokimya Holding A.Ş." şirkətinin müraciəti göstərilib. Nazirliyin apardığı ilkin qiymətləndirmə nəticəsində yekun yenidən baxılma araşdırmasının açılması üçün kifayət qədər məlumat, sənəd və sübutların mövcud olduğu müəyyən edilib.
Yekun yenidən baxılma prosedurunun başlanması barədə qərar İdxalda Haqsız Rəqabətin Qiymətləndirilməsi Şurası tərəfindən qəbul edilib.
Araşdırma çərçivəsində Almaniya və ABŞ mənşəli suspenziya tipli polivinilxlorid məhsullarına qarşı tətbiq olunan mövcud antidempinq tədbirlərinin qüvvədə saxlanılıb-saxlanılmayacağı və ya dəyişdirilməsinin zəruriliyi qiymətləndiriləcək.






