BAKI,TurkicWorld, Orxan Qədirzadə
Yunanıstanın Krit adası yaxınlığında baş verən zəlzələ geniş bölgədə hiss edilib.
TurkicWorld xəbər verir ki, Şərqi Aralıq dənizində səhər saatlarında 5.9 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri Krit adası yaxınlığında yerləşib və zəlzələ 7 kilometr dərinlikdə baş verib.
Sarsıntı Yunanıstanın müxtəlif bölgələrində, eləcə də Türkiyənin Muğla vilayətinin Datça rayonunda hiss olunub.
Rəsmi qurumların açıqlamasına əsasən, zəlzələnin episentri Datçadan təxminən 200 kilometr məsafədə yerləşib.
İlkin məlumatlara görə, Türkiyə sahillərində hər hansı insan itkisi və ya ciddi dağıntı qeydə alınmayıb.
Hadisə bölgədə qısamüddətli təşvişə səbəb olsa da, aparılan araşdırmalar nəticəsində mənfi hal aşkar edilməyib.
Ekspertlər bildirirlər ki, Şərqi Aralıq dənizi aktiv tektonik zona olduğundan bu tip dayaz zəlzələlərin geniş ərazilərdə hiss olunması normal hesab edilir.





