Son dəqiqə

Türkiyə İslam Əməkdaşlıq Təşkilatı

Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzi ilə bağlı ilk qərar qüvvəyə mindi

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Arbitraj Mərkəzinə dair prezident ümumi göstərişi rəsmi nəşrdə dərc olunub.

TurkicWorld xəbər verir ki, sənədə əsasən, mərkəz Türkiyə ilə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında imzalanmış və 24 yanvar 2020-ci il tarixli qərarla təsdiqlənmiş razılaşma çərçivəsində İstanbul şəhərində fəaliyyət göstərir.

Rəsmi sənəddə qeyd olunur ki, bu mərkəz Türkiyədə beynəlxalq müqavilə yolu ilə yaradılan ilk arbitraj qurumu hesab olunur. Mərkəz İƏT-ə üzv olan və olmayan ölkələrin fiziki və hüquqi şəxsləri arasında yaranan ticarət və investisiya mübahisələrinin arbitraj və alternativ həll üsulları vasitəsilə həllini təmin edir.

Bildirilib ki, mərkəzin fəaliyyəti müstəqillik, tərəfsizlik və məxfilik prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda, burada müasir arbitraj və vasitəçilik standartlarına uyğun olaraq sürətli, effektiv və iqtisadi baxımdan əlverişli mübahisə həlli mexanizmləri təqdim olunur.

Sənəddə vurğulanır ki, İƏT Arbitraj Mərkəzi tərəflərə katiblik dəstəyi göstərir, arbitr və vasitəçilərin təyin olunmasında iştirak edir, həmçinin arbitraj sahəsində təlim və metodiki dəstək verir.

Qeyd edilib ki, tərəflərin bu mərkəzin xidmətlərindən yararlanması üçün müqavilələrində mübahisələrin İƏT Arbitraj Mərkəzinin qaydalarına uyğun həll ediləcəyini göstərməsi kifayətdir. Bununla yanaşı, dövlət qurumlarına milli və beynəlxalq müqavilələr bağlanarkən arbitraj mexanizmlərinin nəzərdən keçirilməsi tövsiyə olunub.

Mövzuya görə xəbərlər