Son dəqiqə

Türkiyə silahlı insident

Türkiyədə şagird məktəbə silahlı hücum edib - 18 yaralı var (YENİLƏNİB)

BAKI,TurkicWorld, Orxan Qədirzad

Türkiyənin Şanlıurfa şəhərində təhsil müəssisəsinə silahlı hücum nəticəsində kütləvi yaralanma hadisəsi baş verib.

TurkicWorld xəbər verir ki, Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən hadisə zamanı 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxili İşlər Naziri Mustafa Çiftçi tərəfindən verilən rəsmi məlumata görə, hücum həmin məktəbin şagirdi tərəfindən həyata keçirilib.

Hadisənin səbəbi şagirdin intizam qaydalarına görə "açıq lisey"ə sövq edilməsi olub. Bu qərara etiraz edən 17-18 yaşlı gənc əlindəki tüfənglə məktəb binasına daxil olaraq ətrafdakılara nizamsız atəş açıb. Hadisə şahidi Gökhan Başaranoğlunun sözlərinə görə, təcavüzkar əvvəlcə həyətdə, daha sonra isə binanın daxilində qarşısına çıxan müəllim və şagirdləri hədəf alıb. Təşvişə düşən bəzi şagirdlər canlarını qurtarmaq üçün pəncərələrdən tullanmaq məcburiyyətində qalıblar.

Cinayəti törədən şəxs hadisə yerindəcə intihar edərək həyatına son qoyub. Təhlükəsizlik qüvvələri məktəbdəki şagirdlərin böyük hissəsini təxliyə edib və faktla bağlı genişmiqyaslı araşdırmalara başlanılıb. Hazırda yaralıların müalicəsi xəstəxanalarda davam edir.

Mövzuya görə xəbərlər