BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyənin müdafiə sənayesi çərçivəsində hazırlanmış 12,7 mm uzaqdan idarə olunan silah sistemi quru platformalarından sonra dəniz platformalarında da təhlükəsizlik qüvvələrinin istifadəsinə təqdim olunub.
TurkicWorld xəbər verir ki, SARSILMAZ şirkətinin yaydığı məlumata görə, ARES Tərsanəsi və Meteksan Müdafiə tərəfindən hazırlanmış Türkiyənin pilotsuz silahlı dəniz vasitəsi (SİDA) ULAQ İstanbul Tərsanəsi Komandanlığında keçirilən “Dəniz platformalarının xidmətə qəbul edilməsi, bayraq qaldırma və ilk sac kəsmə” mərasimi çərçivəsində təhvil verilib. Mərasimdə Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Bildirilib ki, ULAQ platforması SARSILMAZ-ın törəmə şirkəti BEST DEFENCE tərəfindən hazırlanmış 12,7 mm marin tip uzaqdan komutalı silah sistemi (UKSS) ilə xidmətə başlayıb.
Qeyd olunub ki, bu layihə nümunəsində olduğu kimi, dövlət və özəl sektor arasında strateji əməkdaşlıq Türkiyənin müdafiə sənayesi potensialını daha da gücləndirir. Quru platformalarında əldə etdiyi əməliyyat təcrübəsini dəniz mühitinə uyğunlaşdıran BEST DEFENCE marin tip UKSS həlləri ilə dəniz platformalarının effektivliyini artırmağı hədəfləyir.
Məlumata əsasən, sistemin əsas elementlərindən biri dəniz şəraitinə uyğunlaşdırılmış SAR 127 MT silahıdır. Eyni sistem 7,62 mm silahlarla da uyğun işləyə bilir. Beşiküstü atış və qurma mexanizmi sayəsində müxtəlif silah konfiqurasiyalarına qısa müddətdə uyğunlaşdırılması mümkün olur.
Sistemin döyüş sursatı tutumu 12,7 mm üçün 500, 7,62 mm üçün isə 1000 mərmi təşkil edir. Kompakt quruluş sayəsində sistem həm yeni tikilən platformalara, həm də mövcud dəniz vasitələrinə asan inteqrasiya oluna bilir.
BEST DEFENCE-in marin tip UKSS-lərinin süni intellekt dəstəkli hədəf aşkarlanması, tanınması və izlənməsi imkanları ilə seçildiyi vurğulanır. Dəniz, quru və hava hədəfləri operator təsdiqi ilə yüksək dəqiqliklə zərərsizləşdirilə bilər.
Məlumata görə, sistem dəniz mənşəli titrəyiş və hərəkət təsirlərini minimallaşdıraraq sabitləşdirilmiş görüntü və məlumat təqdim edir və platforma ilə hədəfin eyni vaxtda hərəkətdə olduğu ssenarilərdə belə yüksək dəqiqlik təmin edir. Açıq arxitektura sayəsində müxtəlif döyüş idarəetmə sistemləri ilə inteqrasiya oluna bilən quruluş istifadəçi tələblərinə uyğun şəkildə fərdiləşdirilə bilir.
Şirkət marin tip UKSS ailəsini genişləndirməyi davam etdirdiyini, Türkiyənin “mavi vətən” konsepsiyasına yerli, ağıllı və inteqrə həllərlə töhfə verməyi hədəflədiyini bildirib.

