Son dəqiqə

Türkiyə Türkiyə Daxili İşlər Nazirliyi Qırmızı bülletenlə axtarış

Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq axtarışda olan cinayətkarların ölkəyə gətirilməsi istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirib.

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarılan 13 nəfərin, eləcə də milli səviyyədə axtarışda olan 1 şəxsin Gürcüstan, Almaniya, Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, saxlanılan şəxslərdən doqquzu Gürcüstanda, ikisi Almaniyada, digərləri isə Ermənistan, Xorvatiya və Monteneqroda tutulub. Onların Türkiyəyə qaytarılması Interpol–Europol xətti ilə, Ədliyyə Nazirliyi, KOM, Kəşfiyyat, Narkotiklərlə Mübarizə, Kiber və Asayiş qurumlarının, eləcə də müvafiq şəhər polis idarələrinin koordinasiyası ilə həyata keçirilib.

Məlumata əsasən, saxlanılan şəxslər qəsdən adam öldürmə, adam öldürməyə cəhd, silahlı soyğunçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq, mütəşəkkil cinayətkar qruplara üzvlük, rəsmi sənədlərin saxtalaşdırılması və digər ağır cinayətlərdə ittiham olunurlar.

Ali Yerlikaya bildirib ki, hansı bülletenlə axtarılmasından asılı olmayaraq, mütəşəkkil cinayətkar qrupların üzvləri və narkotik tacirləri bir-bir saxlanılaraq ölkəyə qaytarılacaq. Nazir əməliyyatda iştirak edən bütün qurumların əməkdaşlarına təşəkkür edib.

Mövzuya görə xəbərlər