Son dəqiqə

Türkiyə–Somali enerji əməkdaşlığı Türkiyə Neft Şirkəti TPAO Oruç Reis sismik tədqiqat gəmisi Somali sahillərində neft və qaz axtarışı Afrika Buynuzunda enerji rəqabəti TÜRKSOM hərbi bazası Türkiyə Hərbi Dəniz Qüvvələri mühafizəsi Somali hidrokarbon ehtiyatları

Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Somali sahillərində neft və qaz axtarışları üzrə fəaliyyətini genişləndirməyə hazırlaşır.

TurkicWorld-un verdiyi məlumata görə Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə Neft Şirkəti (TPAO) 2026-cı ildə Somali sahillərinə bitişik dəniz ərazilərində üç açıq dəniz bloku, eləcə də ölkə ərazisində yerləşən üç quru blokunda kəşfiyyat qazmalarına başlayacaq. Analitik qiymətləndirmələrə görə, Somali ərazisində ehtimal olunan hidrokarbon ehtiyatlarının bazar dəyəri 1,8 trilyon dollara çata bilər.

ABŞ-də Yaxın Şərq üzrə ixtisaslaşmış Al-Monitor nəşri yazır ki, bu addım Ankaranın Afrika Buynuzu bölgəsindəki mövqelərini möhkəmləndirəcək və regionda enerji və geosiyasi rəqabəti daha da kəskinləşdirəcək. Məlumata görə, TPAO-ya məxsus “Oruç Reis” sismik tədqiqat gəmisi Somali sahillərində aylarla davam edən araşdırma işlərini artıq başa çatdırıb.

Xəbərdə qeyd olunur ki, sismik tədqiqatlar Türkiyə ilə Somali arasında 2024-cü ildə imzalanmış iki əsas sazişdən sonra həyata keçirilib. Həmin sazişlərdən biri Türkiyənin Somali donanmasının formalaşdırılmasında və sahil təhlükəsizliyinin təmin edilməsində iştirakını nəzərdə tutur. Digər saziş isə Türkiyə Neft Şirkətinə Somali ərazisində neft və qaz axtarışı, eləcə də hasilatın inkişafı üzrə müstəsna hüquqlar verir. Bayraktar bildirib ki, “2026-cı il böyük ehtimalla Somali açıq dəniz ərazilərində qazma işlərinin başlanacağı il olacaq”.

Mütəxəssislərin fikrincə, hətta məhdud həcmdə hasilat belə illik milli gəliri təxminən 12 milyard dollar olan Somali iqtisadiyyatı üçün ciddi dönüş nöqtəsi yarada bilər və Türkiyənin bölgənin siyasi, təhlükəsizlik və ticarət mühitinə inteqrasiyasını daha da dərinləşdirər. ABŞ Ticarət Nazirliyinin məlumatlarına istinadən Somali ərazisində təxminən 30 milyard barrel neft ehtiyatının mövcud olduğu, bunun isə Türkiyənin təxminən 80 illik daxili istehlakına bərabər sayıldığı bildirilir.

Materialda təhlükəsizlik məsələlərinə də diqqət çəkilir. Somali Türkiyənin xaricdəki ən böyük hərbi bazası olan TÜRKSOM-a ev sahibliyi edir. Türkiyə Silahlı Qüvvələri uzun illərdir Somali ordusunun hazırlanmasında iştirak edir. “Oruç Reis” gəmisinin sismik tədqiqatları zamanı Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən mühafizə olunduğu vurğulanır.

Al-Monitorun təhlilində Türkiyənin bu addımının Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri kimi regional aktorlar tərəfindən diqqətlə izlənildiyi qeyd olunur. Analitiklər hesab edirlər ki, Ankara enerji layihələri ilə diplomatik tarazlığı paralel şəkildə idarə etmək imkanına malikdir.