BAKI, TurkicWorld
İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan korrupsiya istintaqı çərçivəsində saxlanılan 17 şübhəli məhkəmə qarşısına çıxarılıb.
TurkicWorld xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun “rüşvət vermə”, “rüşvət alma” və “tenderi saxtalaşdırma” ittihamları ilə apardığı istintaq çərçivəsində saxlanılan 17 nəfər tibbi müayinədən sonra İstanbul Ədliyyəsinə sövq olunub.
Saxlanılanlar barəsində ilkin hüquqi prosedurlar başa çatdıqdan sonra məhkəmə prosesinə başlanılıb.
İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində həyata keçirilən həbslər, daha genişmiqyaslı araşdırmaların da əsasını qoyub. Prokurorluğun “cinayətkar təşkilata rəhbərlik etmək”, “təşkilata üzv olmaq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender saxtakarlığı” kimi ittihamlarla daha 18 şübhəli barəsində də istintaqa başladığı bildirilir.
Qeyd edək ki, bu istintaq prosesi İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərliyinə qarşı aparılan korrupsiya araşdırmasının bir hissəsidir və məsələ ilə bağlı istintaq davam edir.







