BAKI, TurkicWorld
Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyində, Özbəkistan–Türkiyə hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Komissiyanın işçi qrupunun növbəti iclası keçirilib.
TurkicWorld xəbər verir ki, görüşdə Türkiyə Ticarət Nazirliyinin departament direktoru Hakkı Buruncunun rəhbərliyi ilə Türkiyənin müvafiq nazirlik və qurumlarının nümayəndələri, eləcə də Özbəkistan tərəfindən İqtisadiyyat və Maliyyə Nazirliyi, aidiyyəti qurum və sektor nümayəndələri iştirak ediblər.
Tədbirdə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində qəbul olunmuş “Fəaliyyət Planı” üzrə görülən işlər geniş şəkildə müzakirə olunub.
İki ölkə arasında mövcud maneələrin aradan qaldırılması üçün konkret təkliflər səsləndirilib, qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan investisiya və iqtisadi layihələrin sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.
Eyni zamanda, cari ilin 14–15 may tarixlərində Daşkənddə keçirilməsi planlaşdırılan Hökumətlərarası Komissiyanın 8-ci iclası və paralel təşkil olunacaq Biznes Forumu ilə bağlı hazırlıq tədbirləri müzakirə olunub.
Görüşün sonunda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, “Fəaliyyət Planı”nda nəzərdə tutulan məqsədlərə nail olunması və effektiv, sistemli işin davam etdirilməsi ilə bağlı razılıq əldə ediblər.