BAKI,AzerVoice
Rusiya, İran və Türkiyə hər gün minlərlə dron istehsal edə bilir.
AzerVoice xəbər verir ki, bu sözləri Yunanıstanın Müdafiə naziri Nikos Dendias deyib.
O, Avropanın müdafiə infrastrukturunu gücləndirməli olduğunu bildirərək, xüsusilə Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sahəsindəki istehsal gücünü vurğulayıb.
“Rusiya, İran və Türkiyə hər gün minlərlə dron istehsal edə bilir. Avropa isə bu biliklərə malik olsa da, həmin istehsal gücünə malik deyil”- deyə o bildirib.
Avropanın yeni döyüş formalarına qarşı dura bilməsi üçün ortaq innovasiya sisteminə ehtiyac olduğunu vurğulayan Dendias, Avropanın hazırda “stealth” (radara görünməyən) qırıcı təyyarələr istehsal etmədiyini bildirib. Bu səbəbdən Yunanıstanın ABŞ istehsalı F-35 kimi təyyarələrə yönəldiyini, Avropa istehsalı olan Rafale və Eurofighter təyyarələrinin isə bu texnologiyaya sahib olmadığını qeyd edib.
Nazir, döyüş təyyarələrinin gələcəyinin artıq təkcə pilotla idarə olunan vasitələrdə olmadığını, bu texnologiyanın rəqəmsal döyüş platformalarına keçdiyini bildirib. Onun sözlərinə görə, gələcəkdə pilotlar birbaşa döyüşməyəcək, onları müşayiət edən PUA-lar bu vəzifəni yerinə yetirəcək.