Bakı,TurkicWorld
Baykar-ın İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar, İtaliyanın aviasiya şirkəti Piaggio Aerospace-in satın alınmasının təsdiqləndiyini və bununla da Avropada pilotlu təyyarə fəaliyyətlərinə başlanılacağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu bəyanat Özdemir Bayraktar Mükafatlarının təqdimetmə mərasimində verilib.
Bayraktar bildirib ki, İtaliyanın köklü aviasiya şirkəti Piaggio Aerospace-in Baykar-a satışı Müəssisələr Nazirliyi tərəfindən təsdiqlənib və bu, Baykar-ın Avropadakı insanlı aviasiya fəaliyyətlərinə yeni bir səhifə açacaq.
Piaggio Aerospace, İtaliyanın ən tanınmış aviasiya şirkətlərindən biridir. Keçmişdə P.136 hidroplanı və P.149 təlim təyyarəsi kimi mühüm layihələrə imza atan şirkət, 1986-cı ildə P.180 Avanti adlı yeni nəsil işgüzar təyyarəni təqdim edib.
P.180 Avanti, “Səmanın Ferrarisi” adlandırılaraq aviasiya sahəsində böyük marağa səbəb olub. 41 min fut yüksəklikdə uça bilən, sürət və yanacaq səmərəliliyi ilə seçilən bu model biznes aviasiyasında mühüm yer tutub.
2005-ci ildə Avanti II modeli, 2014-cü ildə isə Avanti EVO versiyası təqdim olunub. P.180 Avanti platforması əsasında çoxməqsədli patrul təyyarələri də hazırlanıb.
Bundan əlavə, Baykar kosmos sahəsində də irəliləyişlər əldə edir. Selçuk Bayraktar, şirkətin ilk peyki olan Fərqaninin kosmosa göndərildiyini, 2024-cü ildə isə ikinci peykinin və Orbital Transfer Vasitəsinin orbitə çıxarılacağını açıqlayıb.