Türkiyə yanğın

Türkiyənin Bolu bölgəsində baş verən yanğında ölənlərin sayı 66-a çatıb

Bakı, TurkicWorld

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya, Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan, Səhiyyə Naziri Kamal Memişoğlu və Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır Boluda oteldə baş verən yanğınla tanış olublar.

TurkicWorld xəbər verir ki, Ali Yerlikaya hadisədən sonra verdiyi açıqlamada həyatını itirənlərin sayının 66 nəfərə, yaralıların sayının isə 51 nəfərə çatdığını bildirib. Nazir, faciənin millət üçün dərin kədər doğurduğunu vurğulayıb. "Əziz dostlar, millət olaraq çox ağrıyırıq. Təəssüflər olsun ki, yanğında 66 nəfərimiz həyatını itirdi, 51 nəfərimiz yaralandı. Müdaxilə otelin arxa tərəfi üzərindən aparıldığı üçün öndən və yandan müdaxilə edilib və hazırda məhkəmə istintaqı başladılıb." - deyə bildirib.

Səhiyyə Naziri Kamal Memişoğlu yaralıların vəziyyəti ilə bağlı məlumat verərək qeyd edib ki, yaralılardan birinin vəziyyəti ağırdır. "66 vətəndaşımızın həyatını itirdiyi yanğında 51 yaralı var, onlardan birinin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti yaxşıdır, 17 yaralımızı artıq taburcu etmişik." - deyə o bildirib.

Faciə ilə bağlı məhkəmə istintaqı başladılıb və hadisənin dəqiq səbəbləri araşdırılır.

11:55

Türkiyədə Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, Boluda 12 mərtəbəli oteldə baş verən yanğın qısa müddətdə bütün oteli bürüyüb.

Yanğın səbəbindən otel sakinləri təxliyə edilib, hazırda genişmiqyaslı yanğınsöndürmə işləri davam etdirilir.

Bölgəyə çox sayda xilasetmə, sağlamlıq və UMKE qrupları, həmçinin helikopterlər göndərilib. Bolu valisi Əbdüləziz Aydın, hadisənin yerli vaxtla saat 03:30 radələrində baş verdiyini və təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində başladığını açıqlayıb.

Daxili İşlər Naziri Ali Yerlikaya yanğının söndürülməsi üçün 267 nəfərdən ibarət çoxsaylı dövlət qurumlarının iştirak etdiyini bildirib. Ölənlərin sayının 10-a çatdığı və yaralıların sayının 32-yə yüksəldiyi təsdiq edilib. Yaralıların əksəriyyətinin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağırdır.

Bolu Kartalkayadakı yanğınla bağlı araşdırmalar davam edir və 4 baş müfəttiş təyin edilib. Ədliyyə Naziri Yılmaz Tunc, hadisə ilə bağlı məhkəmə istintaqının başladığını açıqlayıb və 6 dövlət ittihamçısının təyin edildiyini bildirib. Həmçinin, 5 nəfərdən ibarət ekspert komissiyası da yaradılıb.

Təxliyə edilən digər otel qonaqları təhlükəsiz bölgəyə köçürülüb, sahə xəstəxanası yaradılıb və yaralılar burada müalicə olunur.

Mövzuya görə xəbərlər