Son dəqiqə

Türkiyə

Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sabitliyi təmin edəcək - Yaşar Gülər

Bakı, TurkicWorld

Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sakitliyi və sabitliyi təmin edəcək.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentin plan-büdcə komissiyasında Milli Müdafiə Nazirliyinin 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

O, Bakı ilə İrəvan arasında genişmiqyaslı sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Milli müdafiə naziri terrorla mübarizədə əldə olunan uğurlar barədə də məlumat verib. O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları çərçivəsində təkcə bu ilin əvvəlindən regionda fəaliyyəti qadağan edilmiş təşkilatların 2654 silahlısı zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, son illər Türkiyə ordusu terrorla mübarizə strategiyasını dəyişib.

"Hədəflərin dəqiq müəyyən edilmiş siyahısı ilə qısamüddətli zərbələr əvvəlcədən müəyyən edilmiş müddətlər olmadan genişmiqyaslı əməliyyatlarla əvəzlənib. Belə bir strategiya terror təşkilatlarına, xüsusilə də PKK-ya güclü zərbə vurmağa imkan verdi", - deyən Y.Gülər Türkiyəyə qarşı terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini də vurğulayıb.

Türkiyəli nazir terrorizmlə mübarizədə region ölkələri arasında əməkdaşlığın vacibliyinə diqqət çəkərək bildirib ki, İraq hökuməti ilə əldə olunmuş razılaşmalara əsasən, bu sahədə konkret addımlar atılır.

Kiprdəki vəziyyətə gəlincə, Yaşar Gülər qeyd edib ki, Ankara "adanın yunan icmasının sabitliyi təhdid edən hərəkətlərini" diqqətlə izləyir.

Nazir əlavə edib ki, Türkiyə "humanitar fəaliyyət bəhanəsi ilə Kiprin cənubunda xarici dövlətlərin fəallığının artmasını" müşahidə edir.

Mövzuya görə xəbərlər