Bakı,TurkicWorld
Türkiyədə İstanbulun Esenyurt rayonunda qeyri-qanuni miqrantlara qarşı keçirilən genişmiqyaslı “KALKAN-29” əməliyyatı zamanı 242 nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, əməliyyatla bağlı açıqlamasını sosial media hesabından yayımlayıb.
Yerlikaya bildirib ki, İstanbul İl Polis İdarəsinin İmmiqrasiya İdarəsi Müdirliyinin koordinasiyası ilə parklar, bağlar, otellər və prospektlərdə yoxlama və yol nəzarəti tədbirləri keçirilib.
Əməliyyat çərçivəsində tutulan şəxslərin qanuni prosedurlar əsasında lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara təhvil verildiyi bildirilib.
Yerlikaya əməliyyatda 370 polis əməkdaşı, 93 immiqrasiya idarəsi işçisi və 31 səyyar immiqrasiya məntəqəsinin iştirak etdiyini qeyd edib. Bu məntəqələr vasitəsilə Esenyurtun müxtəlif yerlərində əcnəbi vətəndaşların qanuni qalma statusları yoxlanılıb.
Nazir bildirib ki, 4 min 765 əcnəbinin şəxsiyyəti və barmaq izləri 31 mobil cihaz vasitəsilə götürülüb. Aparılan yoxlamalar nəticəsində, sorğu-sual edilən şəxslər arasından 242 nəfərin qeyri-qanuni miqrant olduğu müəyyən edilib.
Yerlikaya əlavə edib ki, tutulan qeyri-qanuni miqrantların ölkələrinə geri göndərilməsi üçün lazımi prosedurlar artıq başladılıb. Nazir, bu əməliyyatların yalnız Esenyurtla məhdud qalmadığını, qeyri-qanuni miqrasiyaya qarşı ölkə daxilində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.