Türkiyə COP29

Türkiyə COP29-da iqlim dəyişikliyi strategiyasını açıqlayacaq

Bakı, TurkicWorld

Türkiyə 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2053-cü ilə qədər Uzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarını açıqlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum deyib.

O bildirib ki, COP29-a kimi bu məsələ ilə bağlı “yol xəritəsi” hazırlanacaq.

“Bugünkü toplantımızda COP29 çərçivəsində aparılacaq müzakirə və təşəbbüsləri qiymətləndirəcəyik. Eyni zamanda, rəqəmsallaşma təşəbbüsünün ictimaiyyətlə paylaşılması məsələsinə də toxunacağıq.

Hazırlayacağımız yol xəritəsi və strategiya ilə ölkəmizin qlobal iqlim böhranına qarşı güclü addımlar atmasına töhfə verəcəyik”, - Murat Kurum qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər