Bakı. TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk müdafiə sənayesinin aparıcı qurumlarından biri olan TUSAŞ-a qarşı törədilən terror hücumu ilə bağlı açıqlama verib.
TurkicWorld xəbər verir ki, Ərdoğan bu hücumu ölkənin təhlükəsizliyinı, xalqın rifahını və “Tam müstəqil Türkiyə” idealını hədəf alan alçaq bir hücum adlandırıb.
Prezidentin sözlərinə görə, terror hücumunun ilk anından etibarən təhlükəsizlik qüvvələri sürətlə müdaxilə edib və terrorçuları zərərsizləşdirib.
Ərdoğan bildirib ki, Türkiyəyə qarşı uzanan çirkli əllər mütləq qırılacaq, ölkənin təhlükəsizliyini hədəf alan heç bir təşkilat, heç bir terror qruplaşması, heç bir düşmən məqsədinə çata bilməyəcək.
Ərdoğan, terrora qarşı mübarizənin əzm və qətiyyətlə, çoxistiqamətli şəkildə davam edəcəyini qeyd edib. Hücum nəticəsində şəhid olan vətəndaşlara Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyən Prezident, TUSAŞ əməkdaşlarına və Türkiyə xalqına baş sağlığı verib.
“Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar TUSAŞ-ın əməkdaşları tərəfindən eyni ruhda davam etdiriləcək” – deyə Ərdoğan bildirib.
Qeyd edək ki,Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub. Terror aktı nəticəsində şəhid və yaralananlar var. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.