Bakı, TurkicWorld
Kral Salman Humanitar Yardım Mərkəzi Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində 7 layihə həyata keçirəcək.
TurkicWorld xəbər verir ki, bu haqda Kral Salman Humanitar Yardım Mərkəzinin sədri və Kraliyyat Divanı müşaviri Abdullah bin Əbdüləziz Əl-Rabiah Türkiyənin Gaziantep şəhərində keçirilən layihələrin təqdimat toplantısı zamanı məlumat verib və qardaş ölkə Türkiyədə olmaqdan məmnunluğunu ifadə edib.
6 fevral 2023-cü ildə Türkiyə və Suriyada baş verən zəlzələlərdə böyük dağıntılar olduğunu xatırladan Əl-Rabiah, fəlakətlərin öhdəsindən gəlmək və çətinlikləri yüngülləşdirməyin ən yaxşı yolunun həmrəylik və əməkdaşlıq olduğunu bildirib.
Layihələrdən təxminən 5 min insanın faydalanacağını bildirən Əl-Rabiah, Türkiyə və Suriyada üç min evin tikildiyini, Hatayda isə əlavə olaraq 1000 evin də tikiləcəyini söyləyib.
Qeyd edək ki, proqramda həmçinin 7 layihənin açılışı edilib. Bu proqramlara koklear implantasiya və eşitmə reabilitasiyası üçün 120 əməliyyat, 375 eşitmə cihazı paylanması, 750 zəlzələ qurbanına psixoloji dəstək, 50 nəfərin iqtisadi güclənməsi və məşğulluq probleminin həll edilməsi, iki min qida və gigiyena paketinin paylanması və 69 protez alətinin təhvil verilməsi kimi bir neçə yardım fəaliyyəti daxildir.