Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi 26 İyun-Silahlı Qüvvələr günü

Türkiyə MN Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakı.TurkicWorld :

Türkiyə Milli Müdafiə Nazirliyi 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan türk qardaşlarımızın hüzur və təhlükəsizliyi üçün qəhrəmanca və fədakarca xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin quruluşunun 106-cı ili mübarək olsun. Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik".

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu.

Mövzuya görə xəbərlər