Türkiyə və Türkmənistan Qəzzaya göndərilən yardımın artırılması üçün əməkdaşlıq edə bilər - Ərdoğan

Türkiyə və Türkmənistan Qəzzaya göndərilən yardımın artırılması üçün əməkdaşlıq edə bilər - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə və Türkmənistan Qəzzaya göndərilən humanitar yardımın artırılması üçün əməkdaşlıq edə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın ümummilli lideri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı bildirib.

Məlumata əsasən, görüş zamanı Türkiyə ilə Türkmənistan arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər, İsrailin günahsız mülki şəxslərə hücumları müzakirə edilib.

Bundan əlavə, iki ölkə arasında “Təbii qaz sahəsində əməkdaşlığın inkişafı üzrə Qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Neft və Təbii Qaz Sahəsində Əməkdaşlığa dair Bəyannamə” və “Türkmənistan Hava Yolları ilə Türk Hava Qüvvələri Universiteti arasında Anlaşma Memorandumu” imzalanıb.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01