TBMM heyəti Fələstin dinləmələri üçün Haaqaya gedəcək

TBMM heyəti Fələstin dinləmələri üçün Haaqaya gedəcək

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisi (TBMM) heyəti Beynəlxalq Ədalət Məhkəməsində Fələstin dinləmələri üçün Haaqaya gedəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Ədalət Komissiyasının sədri Cüneyt Yüksel açıqlayıb.

Məlumata əsasən, TBMM heyəti İsrailin Fələstində törətdiyi qırğınla bağlı dinləmələrdə Türkiyə adından Xarici İşlər Nazirliyinin təqdimatını izləyəcəklər.

"Türkiyə" olaraq istər Beynəlxalq Ədalət Məhkəməsində, istərsə də Beynəlxalq Cinayət Məhkəməsində bütün prosesləri yaxından izləyirik. İsrailin Qəzzada bütün qeyri-insani hərəkətlərini dünyanın hər yerində, hər platformada dilə gətirməyə və günahsız Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik. Dünya və bəşəriyyət İsrailin qəddarlığını heç vaxt unutmayacaq. Türkiyə olaraq Prezidentimizin rəhbərliyi altında Fələstinin və məzlum Fələstin xalqının yanında olmağa davam edəcəyik”, - deyə C. Yüksel vurğulayıb.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01