Bakı. TurkicWorld:
Milli birlik, həmrəylik şüuru ilə çətin vəziyyətdən çıxdıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"Zəlzələdə 53 mindən çox vətəndaşımız həyatını itirdi, 110 minə yaxın vətəndaşımız isə yaralandı. Əsrin fəlakəti hesab edilən 6 fevral zəlzələlərində 11 vilayət, 124 rayon, 7 minə yaxın kənd və məhəllə zərər çəkdi. Bu çərçivədə, 14 milyon vətəndaşımız zəlzələdən zərər çəkdi. 6 fevral zəlzələsində 200 mindən çox evə ciddi ziyan dəydi. Vəziyyət həqiqətən dağıdıcı həddə çatdı. Dünyada nadir rast gəlinən təbii dağıntı qarşısında dövlət-xalq həmrəyliyi ən yüksək səviyyədə özünü göstərdi. Türkiyə bir nəfəs, bir ürək kimi birləşdi. Bir il ərzində nəinki fəlakətin dərin izləri tez bir zamanda silindi, həm də zəlzələdən zərər çəkmiş vətəndaşlarımızın təcili humanitar ehtiyacları da gecikmədən ödənildi. Şərqdən qərbə, şimaldan cənuba nümayiş etdirilən həmrəylik və əməkdaşlıq əxlaqı türk millətinin nəciblik, mehribanlıq və mərhəmət hisslərinin təqdirəlayiq genişliyini üzə çıxarıb",- deyə Bahçeli bildirib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_