Türkiyə yüksək səviyyəli texnologiyaların istehsal bazasına çevrilib - Yaşar Gülər

Türkiyə yüksək səviyyəli texnologiyaların istehsal bazasına çevrilib - Yaşar Gülər

Bakı. TurkicWorld:

Türkiyə artıq texnoloji infrastrukturu, istehsal gücü və mühəndislik imkanları ilə yüksək səviyyəli texnologiyaların istehsal bazasına çevrilib.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, ağır torpedo AKYA, qanadlı raket ATMACA və hava hücumundan müdafiə raketi SAPAN silah sistemlərinin kütləvi istehsalına başlanılması mərasimindəki çıxışı zamanı deyib.

"Müdafiə sənayesi məhsullarımızın beynəlxalq bazarda marka dəyərinin gündən-günə artması bizi qürurlandırır. Üç tərəfdən dənizlərlə əhatə olunmuş ölkəmizin hüquq və qanunlarını qorumaq üçün güclü Hərbi Dəniz Qüvvələrinin olması bizim üçün seçim deyil, zərurətdir. Bu şüurla şanlı Türk Hərbi Dəniz Qüvvələrini daha müasir, daha təsirli və daha güclü etmək üçün dəniz müdafiə sənayesində böyük addımlar atdıq və atmağa davam edirik",- deyə nazir qeyd edib.

Yaşar Gülər bildirib ki, yerli və milli sualtı torpedo AKYA, milli qanadlı raket ATMACA və yüksək təsirli SAPAN raketinin kütləvi istehsalı istiqamətində mühüm addımlar atdıq.

"Bu məhsullar donanmamıza böyük töhfələr verəcək. Əslində, yerli və milli müdafiə sənayemizin çatdığı səviyyəni ortaya qoyan bu yüksək texnologiyalı sistemlərlə Dəniz Qüvvələrimiz əməliyyat qabiliyyətini daha da artıracaq və beynəlxalq təhlükəsizlik və sülhə dəstək fəaliyyətlərini effektiv şəkildə həyata keçirəcək. Ən qısa zamanda yeni freqatlar, xüsusən də təyyarə gəmiləri, dəniz patrul gəmiləri, yeni tip desant gəmiləri, yeni nəsil mina ov gəmiləri və milli hücum katerləri inşa etməyi planlaşdırırıq",- deyə nazir vurğulayıb.

Gülər onu da əlavə edib ki, indiyə qədər əldə etdiyimiz uğurları yeni uğurlarımızın sələfi kimi qəbul edərək, əzmlə, inamla, yorulmadan və böyük səylə çalışacağıq. Çünki müdafiə sənayesi sahəsində əldə etdiyimiz hər bir uğur bir tərəfdən ordumuzun qüdrətini gücləndirir, digər tərəfdən dövlətimizin iqtisadi və texnoloji inkişafına böyük töhfə verməklə beynəlxalq aləmdə nüfuzumuzu artırır. İnanıram ki, Cümhuriyyətimizin ikinci əsri, Türkiyə Əsri hədəflərimizə uyğun müdafiə, inkişaf və istehsal əsri olacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_