Bakı. TurkicWorld:
Xərçəng xəstəsi olan fələstinli uşaqlar Türkiyəyə gətiriləcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
"İsrailin səhiyyə naziri ilə telefon danışığımız baş tutdu. Səhiyyə naziri və həkim olaraq hər cür şiddətin qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. Qəzzada xərçəng müalicəsi verən Türkiyə-Fələstin dostluq xəstəxanasının tək olduğunu və artıq xidmət verə bilməyəcəyini bildirdim. Ona günahsız uşaqların müalicəsinin davam etdirilməsinə görə məsuliyyətimizi xatırlatdım. O da bu məsələdə haqlı olduğumuzu bildirdi. Xəstələrin, xüsusən də uşaqların təcili yardım maşınları ilə Misirə və oradan da təcili yardım təyyarələri ilə Türkiyəyə daşınmasına hazır olduğumuzu bildirdim",- deyə nazir bildirib.
Fahrettin Koca qeyd edib ki, uşaqları Türkiyəyə gətirməyə başlayacağıq. Bundan əlavə, bu gün Qəzzaya kömək etmək üçün səhra xəstəxanaları, dərmanlar, təcili yardım maşınları və istehlak materiallarından ibarət sağlamlıq yardım gəmimiz yola düşəcək.
Gəmidə əməliyyat otaqları və reanimasiya şöbələri olan, hər cür iqlim şəraitinə davamlı, tam təchiz olunmuş tikinti tipi ağır iqlim sahə xəstəxanaları və tam təchiz olunmuş şişmə tipli sahə xəstəxanaları, həmçinin bu xəstəxanalarda istifadə olunacaq tibbi dərmanlar və istehlak materialları yer alacaq.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.
Aytac Süleymanova