Türkiyənin dəstəyi Azərbaycanın haqq işinə mühüm töhfə verdi - səfir

Türkiyənin dəstəyi Azərbaycanın haqq işinə mühüm töhfə verdi - səfir

Bakı. TurkicWorld: - Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov

Ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan bu dövrdə dost-düşmənlərini daha yaxından tanıdı. Qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, türk xalqının öz qardaşları ilə sarsılmaz həmrəyliyi Azərbaycanın haqq işinə mühüm töhfə verdi.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və bir çox dövlət rəsmiləri müharibə illərində dəfələrlə Azərbaycana səfər edib, dəstək bəyanatları veriblər. Bütün bunlar Ermənistanın arxasında duran xarici güclərin münaqişəyə müdaxiləsinin qarşısını aldı. Azərbaycan xalqı çətin anlarında qardaş ölkəsinin ona göstərdiyi dəstəyi heç vaxt unutmayıb və unutmayacaq.

Şanlı qələbədən sonra ölkələrimiz arasında qardaşlıq münasibətləri daha da inkişaf edərək 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış bəyannamə ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər sıx əlaqələri olan ikinci dövlət yoxdur.

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işləri uğurla aparılır. Qısa müddət olan üç il ərzində işğaldan azad edilən ərazilərimizdə böyük işlər görülüb. Davam edən “Böyük Qayıdış” proqramı çərçivəsində bir çox yaşayış məntəqələri bərpa edilib, Füzuli və Zəngilan hava limanları istifadəyə verilib, həmçinin, Laçın hava limanı 2024-cü ildə hazır olacaq. Türk şirkətləri bu fəaliyyətlərdə Azərbaycan tərəfi ilə çiyin-çiyinə çalışır.

Tarixi qələbə regionda geosiyasi mənzərəni dəyişdi və yeni reallıq yaratdı. Azərbaycan-Türkiyə münasibətləri bütün türk dünyasına nümunədir. Yaxın gələcəkdə Türkiyəni digər türk dövlətləri ilə birləşdirəcək dəhlizin tikintisi ilə bu birlik daha da güclənəcək, xalqımız bir-birinə daha da yaxınlaşacaq.

X: Lamanasadli01