Afrika ilə əməkdaşlığımızı artıracağıq - Ömər Bolat

Afrika ilə əməkdaşlığımızı artıracağıq - Ömər Bolat

Bakı. TurkicWorld:

Afrika ilə əməkdaşlığımızı artıracağıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ticarət naziri Ömər Bolat deyib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilməsi planlaşdırılan Türkiyə-Afrika İqtisadiyyat və İş Forumuna hazırlıq işlərini nəzərdən keçiririk. Afrika ölkələri ilə bütün səviyyələrdə dərin tərəfdaşlıq münasibətlərimiz, köklü əlaqələrimiz və yüksək səviyyəli münasibətlərimiz çərçivəsində biz qarşıdakı dövrdə Afrikanın hər bir regionu ilə iqtisadi və ticarət əlaqələrimizi qarşılıqlı şəkildə inkişaf etdirmək üçün səylərimizi gücləndirəcəyik. Bu münasibətlə, Afrika ölkələrinin nazirləri və üç mindən çox iş adamı 12 -13 oktyabr tarixlərində İstanbulda baş tutacaq görüşdə iştirak edəcək"- deyə Bolat bildirib.

Qeyd edək ki, Türkiyənin Afrika qitəsi ilə ümumi ticarət həcmi 2003-cü ildə 1,35 milyard dollar olduğu halda, keçən il 40,7 milyard dollara yüksəlib. 2023-cü ilin sonuna qədər Afrika qitəsində ümumi ticarət həcmi hədəfi 50 milyard dollar, daha sonra isə bu hədəf 75 milyard dollar olaraq təyin olunub.

Məlumat üçün bildirək ki, Afrikanın inteqrasiyası, iqtisadi inkişafı və sənaye inkişafı üçün mühüm strateji tərəfdaş olan Türkiyə, Afrika ölkələri ilə iqtisadi əlaqələrini qazan-qazan prinsipi çərçivəsində inkişaf etdirir.

Türkiyənin Afrikaya ixracatındakı dəyişiklik qlobal tendensiyaya bənzəyir. Türkiyənin Afrikaya ixracatı 2021-ci ildə yenidən sürət qazanaraq 21,2 milyard dollara, 2022-ci ildə isə 23,6 milyard dollara çatıb. Türkiyənin Afrikadan idxalı 2022-ci ildə 9,5 milyard dollar təşkil edib.