Bakı. TurkicWorld:
İstanbul Universitetində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə iki günlük 4-cü Türk-Monqolustan tarix seminarı başlayıb.
TurkicWorld xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beyoğlu Bələdiyyəsi və İlteriş Vəqfinin dəstəyi ilə Ədəbiyyat Fakültəsi İdarə Heyətinin zalında keçirilən seminarın açılışında çıxış edən İstanbul Universitetinin rektoru Prof. Dr. Osman Bülent Zülfikar Monqolustan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində bu seminarın ilkinin 2017-ci ildə təşkil edildiyini xatırladıb.
Prof. Dr. Zülfikar onu da qeyd edib ki, Türkiyə Cümhuriyyəti siyasətində Monqolustanla hər zaman yüksək səviyyədə münasibətlər və əməkdaşlıq olub.
"Tarix təkcə keçmişi deyil, gələcəyi də müəyyən edir. Keçmişdə birlikdə yaşadığımız insanları unutmaq olmaz. Türkiyə ilə Monqolustan qardaşlığını həm diplomatik, həm də digər mənbələrdən tapıb ortaya çıxarmaq lazımdır", - deyə o vurğulayıb.
Bundan əlavə, seminardan sonra hazırlanacaq hesabatı gözlədiklərini ifadə edən Prof. Dr. Zülfikar İstanbul Universiteti olaraq “Türkiyə Əsri"nin elmi əsaslarının qurulması üçün çalışacaqlarını bildirib.
Məlumata əsasən, Universitetin Ədəbiyyat fakültəsinin dekanı Prof. Dr. Hayati Develi Monqolustanla çox yaxşı münasibətlərin olduğunu bildirib. O, həmçinin, 61 monqol tələbəyə öz universitetlərində təhsil verdiklərini də qeyd edib.
Beyoğlu Bələdiyyə Başçısı Haydar Ali Yıldız Qazi Mustafa Kamal Atatürk anlayışı ilə daha böyük nailiyyətlərə imza atacaqlarını vurğulayıb.
"Bu gün bunun simvolik adı TEKNOFEST İdarə Heyəti və T3 Vəqfi Mütəxəssislər Şurasının sədri Selçuk Bayraktardır və onun "Kaan", "Hürkuş", "Gökbey" kimi layihələri türklərin tarixlə gələcək arasında necə əlaqə qurduğunu konkret şəkildə göstərir", - deyə o əlavə edib.
Bundan əlavə, seminarın İdarə Heyətinin sədri prof. Dr. Kürşat Yıldırım, İstanbul Universitetinin Tarix kafedrasının müdiri Prof. Dr. Fatih Mehmet Sancaktar, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri Prof. Dr. Ruhi Ersoy və Monqolustan Prezidentinin baş müşaviri Prof. Dr. Bum-Ochir Dulam da tədbirdə çıxış edib.