Türkiyə Rəcəb Tayyib Ərdoğan SpaceX Elon Mask Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi

Starlink Türkiyədə fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Tesla və SpaceX şirkətinin qurucusu İlon Maskın Starlink peykinin Türkiyədə fəaliyyət göstərməsi üçün Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə danışıqlar davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan məlumat verib.

Məlumata əsasən, Ömər Fatih Sayan SpaceX rəsmiləri və sənaye nümayəndələri ilə birlikdə Starlink peykinin Türkiyədə fəaliyyət göstərməsi üçün Ankarada ikinci məsləhətləşmə görüşündə iştirak edib.

"Kosmosa göndərilən peyklər sayəsində ölkələr coğrafi məhdudiyyətlərdən asılı olmayaraq bir sıra imkanlar əldə edir. Bu imkanlardan biri də peyklər vasitəsilə təqdim edilən internet xidmətidir. Bu gün rabitə xidmətinin qurudan kosmosa daşındığı bir dövrün başlanğıcını yaşayırıq", - deyə Sayan qeyd edib.

Bundan əlavə, nazir müavini onu da bildirib ki, kəşfiyyat və rabitə məqsədləri üçün hazırlanmış TÜRKSAT 5B peykinin işə salınması ilə, Türkiyənin kosmosdakı peyklərinin sayı səkkizə çatıb.

"Peyklərimizin əhatə dairələri Avropadan Yaxın Şərqə, Şimali Afrikadan Cənubi və Mərkəzi Afrikaya, Aralıq dənizi, Egeydən Qara dənizə qədər geniş bir əraziyə yayılıb. Bundan əlavə, TÜRKSAT 6A peykini gələn il kosmosa göndrəməyi planlayırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, 17 sentyabr tarixində Nyu-Yorkda Tesla və SpaceX şirkətinin qurucusu İlon Mask və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər