Türkiyə Amerikanın elektrikli Tesla avtomobilinin növbəti fabriki üçün ən vacib namizədlər arasındadır.
TurkicWorld xəbər verir ki, bu barədə Tesla və SpaceX şirkətinin qurucusu İlon Mask Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
Məlumata əsasən, görüş çərçivəsində R.T.Ərdoğan İ.Maskı Türkiyəyə yatırım etməyə çağırıb.
"Türkiyə elektrikli avtomobil istehsalına TOGG-la başlayıb. TOGG ilə Teslanın Avropada ikinci, dünyada isə yeddinci fabrikini Türkiyədə qurmasına dəstək verməyə hazırıq", - deyə prezident Ərdoğan vurğulayıb.
Bundan əlavə, R.T.Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılan addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək, Maskı İzmirdə keçiriləcək TEKNOFEST-ə dəvət edib.
Məlumat üçün bildirək ki, Tesla elektrikli avtomobili 2003-cü ildə ABŞ-a məxsus Tesla Motors tərəfindən istehsal edilib. 2004-cü ildən şirkətin sədri vəzifəsini icra edən İlon Maskın 30 milyon dollardan çox investisiya ayırması ilə şirkətin əsas yüksəlişi başlayıb.
Tesla Motors 2008-ci ildə ilk tam elektrikli avtomobilini təqdim edib.
Ləman Əsədli
Twitter: lamanasadli01