Danimarkanın müvəqqəti işlər vəkili və Hollandiya müşaviri Türkiyə XİN-ə çağırılıb

Danimarkanın müvəqqəti işlər vəkili və Hollandiya müşaviri Türkiyə XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Avropada Qurana qarşı təxribatların davam etməsindən sonra Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

“Müqəddəs kitabımız Quranın Kopenhagendəki səfirliyimiz, Haaqa və bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında yandırılmasının davam etməsi ilə əlaqədar Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Ankaradakı səfirliyinin müşaviri bu gün nazirliyimizə çağırılıb.” – deyə açıqlamada qeyd olunur.

Nümayəndələrə bildirilib ki, Türkiyə Qurana qarşı edilən bu hücumları ən sərt şəkildə qınayır və buna etiraz edir.

Xatırladaq ki, 12 avqustda Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında irqçi “Danske Patrioter (Danimarka Patriots)” qrupunun üzvüləri Qurani-Kərimə qarşı hücum təşkil edilib.

Daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb.

Hafiz Rufizoğlu