Kılıçdaroğlunun “İpək Yolu Layihəsi”nə Azərbaycanı daxil etməməsi tarixi səhv idi – Murat Akan (ÖZƏL)

Kılıçdaroğlunun “İpək Yolu Layihəsi”nə Azərbaycanı daxil etməməsi tarixi səhv idi – Murat Akan (ÖZƏL)

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “Həyatımın ən böyük layihəsi” adlandırdığı “İpək Yolu Layihəsi”nə Azərbaycanı daxil etməməsi tarixi səhv idi, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli yazıçı-jurnalist Murat Akan deyib.

“Türkiyə ilə Azərbaycan arasında münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Hakimiyyətə gəlməyi hədəfləyən siyasətçinin Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanı gözdən çıxarması qəbuledilməzdir. Bunun nə türk dünyasına, nə də Türkiyəyə faydası olmayacaq. Bu yanaşma Türkiyənin güclənməsini istəməyən imperialist güclərin planlarına xidmət etməkdən başqa bir şey deyil”, - deyə o qeyd edib.

M.Akan onu da bildirib ki, CHP rəhbərinin seçkilərin ilk turunda məğlubiyyətinin səbəblərindən biri də Azərbaycana qarşı bu cür münasibətin göstərilməsi olub.

“Türkiyə ictimaiyyəti Azərbaycan-Ermənistan müharibəsini Türkiyə-Ermənistan müharibəsi kimi qiymətləndirərək Azərbaycanın yanında olub. İkinci Qarabağ müharibəsində Türkiyə və Azərbaycan çiyin-çiyinə vuruşub. Azərbaycan olmadan “Türk yolu” ola bilməz. Ona görə də Azərbaycanın daxil edilmədiyi bu layihə “Türk yolu” adlandırıla bilməz. Bundan əlavə, Azərbaycan Türk Dünyasının mühüm üzvüdür. Qısaca, K.Kılıçdaroğlu böyük səhv etdi və onun bu səhvi seçkilərdə qazandığı səslərə də təsir etdi”, - deyə o vurğulayıb.

M.Akanın sözlərinə görə, 28 may tarixində keçiriləcək seçkilərin ikinci turunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qalib gəlmə ehtimalı yüksəkdir.

“R.T.Ərdoğan yenidən prezident seçilərsə türk dünyası üçün böyük əhəmiyyəti olan layihələr qısa zamanda tamamlanacaq. Türkiyə ilə Azərbaycan arasında xüsusilə son illərdə qurulan səmimi əməkdaşlıq bundan sonra da inkişaf edəcək. Qlobal siyasətin önəmli oyunçusuna çevrilən R.T.Ərdoğan türk dünyası ilə münasibətləri stratejiləşdirmək üçün yeni addımlar atacaq. Qarabağ müharibəsindən və Türkiyədə baş verən böyük zəlzələdən sonra Azərbaycanla Türkiyə arasında olan səmimi münasibət bütün türk dünyasına nümunə olacaq. Azərbaycan ilə Türkiyə arasında hərbi və texnoloji əməkdaşlığın uğurla başa çatması türk dünyasının gələcəyinin müəyyənləşdirilməsində mühüm göstərici olacaq”, - deyə o vurğulayıb.

Yazıçı-jurnalist hesab edir ki, dünyanın çoxqütblü bir mərhələyə keçid etdiyi vaxtda türk dövlətlərinin yerləşdiyi Orta Asiya coğrafiyası və türk dövlətləri Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji yataqları böyük əhəmiyyət kəsb edir.

“Türkiyə NATO ittifaqında olsa da Rusiya-Ukrayna müharibəsində Qərblə Rusiya arasında körpü olub. Bu məsələdə Rusiya-Azərbaycan-Türkiyə əməkdaşlığının da böyük rolu var. İkinci Qarabağ savaşı bir daha göstərdi ki, türk dünyası tək deyil. Yeni dövrdə türk dövlətləri ilə qurulacaq quru və hava yolu dəhlizləri ilə Turan qurmaq daha asan olacaq”, - deyə o bildirib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli
Lamanasadli01