Türk şirkətləri Malayziyada LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisində iştirak edəcək

Türk şirkətləri Malayziyada LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisində iştirak edəcək

Bakı, TurkicWorld:

Türkiyənin ASELSAN, ASFAT, DEARSAN, DESAN, HAVELSAN, KALE KALIP, KOÇ DEFENCE, METEKSAN, MİLSOFT, MKE, ROKETSAN, SARSILMAZ, STM, TAİS, TEİ, TUSAŞ, TİMSAN, TİTRA müdafiə sənayesi şirkətləri Malayziyanın Langkawi şəhərində iki ildən bir təşkil edilən "LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi"ndə iştirak edəcək.

TurkicWorld xəbər verir ki, 23-27 may 2023-cü il tarixlərində təşkil edilən sərgidə Türk şirkətlərinin istehsal etdiyi zirehli avtomobil platformaları, insanlı/insansız müxtəlif quru və hava vasitələri, dəniz və silah sistemləri, elektron sistemlər, döyüş sursatları, simulyatorlar və logistik dəstək vasitələrinin təqdimatı keçiriləcək.

Məlumata əsasən, LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi çərçivəsində burada iştirak edən müxtəlif ölkələrlə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında yeni layihələr vasitəsilə əməkdaşlıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Malayziyanın Müdafiə və Nəqliyyat Nazirliyinin dəstəyi ilə bu il on altıncı dəfə keçiriləcək LIMA Sərgisi Asiya-Sakit Okean regionunda ən böyük müdafiə sənayesi sərgilərindən biridir.

1991-ci ildən keçirilən bu sərgiyə Türkiyə ikinci dəfə qatılacaq.

Ləman Əsədli

lamanasadli01