Rusiya Dəmir Yolları Türkmənistanla əməkdaşlığı inkişaf etdirəcək

Rusiya Dəmir Yolları Türkmənistanla əməkdaşlığı inkişaf etdirəcək

Bakı. TurkicWorld:

Rusiya Dəmir Yolları Türkmənistanla əməkdaşlığı inkişaf etdirəcək.

TurkicWorld-un məlumatına görə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Rusiya Dəmir Yolları Şirkətinin sədri Oleq Belozerov Aşqabadda keçirdikləri görüşdə Türkmənistan dəmir yollarının modernləşdirilməsi və elektrikləşdirilməsini müzakirə ediblər. Müzakirələr zamanı qeyd olunub ki, Rusiya şirkətlərinin iştirakı ilə Türkmənistanın dəmir yollarının modernləşdirilməsi və elektrikləşdirilməsi, sənaye infrastrukturunun təkmilləşdirilməsi, istehsal proseslərinin rəqəmsallaşdırılması layihələri həyata keçirilə bilər.

“Rusiya Dəmir Yolları” QSC-nin baş direktoru, Rusiya nəqliyyat holdinqinin Türkmənistanla tərəfdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu təsdiqləyib.

Rusiya şirkətinin mətbuat xidmətinin məlumatına görə, Rusiya Dəmir Yolları şirkəti Aşqabadda nümayəndəlik açmağı planlaşdırır.

Bundan başqa, Türkmənistan Dəmir Yolları Agentliyi ilə Rusiya Dəmir Yolları Şirkəti arasında 2023-2025-ci illər arasında əməkdaşlıq proqramına dair müqavilə imzalanıb. Bu razılaşma çərçivəsində Rusiya Dəmir Yollarının Aşqabadda, Türkmən Dəmir Yolları Agentliyinin isə Moskvada nümayəndəlik açmağı planlaşdırdığı bildirilib.

Həmçinin “Şimal-Cənub” şərq marşrutu üzrə nəqliyyat və logistika xidmətlərinin artırılması, Türkmənistanda infrastruktur layihələrinin həyata keçirilməsi, rəqəmsal transformasiya və insan resurslarının inkişafı sahəsində Türkmənistan Dəmir Yollarına köməklik etmək üçün birgə işləmək planlaşdırılır.