Son dəqiqə

Azərbaycan Türk dünyası Nizami Gəncəvi Bakı Üzeyir Hacıbəyli Türk Dünyası Bəstəkarlar Birliyi Türk Dünyası Bəstəkarları Qurultayı

Bakı türk dünyasının bəstəkarlarını tarixi qurultayda bir araya gətirəcək

BAKI,TurkicWorld

Bakıda 18–20 sentyabr 2026-cı il tarixlərində I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək. XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq tədbirin əsas nəticələrindən biri Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması olacaq.

TurkicWorld xəbər verir ki, qurultay Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən, ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil edilir.

Qurultay Birinci Türkoloji Qurultayın 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi dünyasının tanınmış nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Üç gün davam edəcək proqram çərçivəsində müxtəlif görüşlər və iclaslar, elmi müzakirələr, beynəlxalq dəyirmi masa və tematik sərgilər keçiriləcək. Proqrama, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri daxil edilib.

Qurultayın əsas hadisələrindən biri türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini vahid peşəkar platformada birləşdirəcək Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi olacaq.

Sentyabrın 19-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında yeni birliyin ilk rəsmi iclası keçiriləcək. İclas zamanı Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması və təşkilatın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur.

Yeni birliyin yaradılması türk dünyası ölkələrinin musiqi qurumları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə, ortaq musiqi irsinin qorunmasına və inkişafına, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsinə və yaradıcılıq mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.

Birliyin qarşısında duran əsas istiqamətlərdən biri də türk dünyasının musiqi irsinin və müasir bəstəkarlıq nümunələrinin beynəlxalq səhnədə daha geniş təbliğidir.

Sentyabrın 19-da saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı I Türk Dünyası Bəstəkarları Qurultayının yekunlarına, Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılmasına, Bakı Bəyannaməsinin imzalanmasına və yeni peşəkar birliyin gələcək fəaliyyət perspektivlərinə həsr olunacaq.

Mövzuya görə xəbərlər